Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan müasir infrastruktur və rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb. Bu platformalar investorların bazara daha sürətli daxil olmasına və daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “Daha çox birbaşa xarici investisiyadan daha yaxşı birbaşa xarici investisiyaya: Davamlı İnkişaf üçün İnvestisiyaların Təşviqi” mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və əsas nəqliyyat dəhlizləri üzərində yerləşən zona ixracyönümlü istehsal, yüksək əlavə dəyər yaradan sənaye, logistika xidmətləri və texnologiya əsaslı fəaliyyətlər üçün əlverişli şərait təklif edir.
“Biz, həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında böyük imkanlar görürük. Burada Azərbaycanın ən böyük bərpa və yenidənqurma proqramı həyata keçirilir. Müasir dövlət infrastrukturu, etibarlı bağlantılar və investisiya təşviqləri özəl sektorun iştirakına yeni imkanlar açır. 2026-cı il yanvarın 1-dən etibarən oxşar 10 illik vergi güzəştləri Naxçıvan Muxtar Respublikasına da şamil edilib”, – deyə nazir müavini əlavə edib.
Fotoqraf – İlkin Cavanşirov, Orxan Kərimov
Video – Mirrəsul Cəfərov